TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi Respublika Endokrinoloji Mərkəzin (REM) təşkilatçılığı ilə Ümumdünya Diabetlə Mübarizə Gününün 2024-2026-cı illər üzrə şüarı olan “Diabet və rifah” mövzusunda tədbir keçirilib.
Şəkərli diabet tip 1 xəstələrinə olan qayğını artırmaq məqsədilə təşkil olunan tədbirdə REM-də 18 yaşa qədər qeydiyyatda olan şəkərli diabet tip 1 xəstələri və valideynləri, eyni zamanda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən endokrinoloqlar iştirak ediblər.
İki hissədən ibarət olan tədbirin birinci hissəsi REM-in direktoru Nərmin İsmayılovanın “Azərbaycanda şəkərli diabet xəstələrinə tibbi xidmət sahəsində islahatlar” mövzusunda çıxışı ilə başlayıb. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara diqqəti cəlb etmək üçün bu ay qeyd olunan Beynəlxalq Diabetlə Mübarizə Gününün əhəmiyyətini vurğulayıb:
“Bu gün şəkərli diabetdən əziyyət çəkənlər üçün xüsusi önəm daşıyır. İnsanlar bu tədbirlər vasitəsilə diabetin təsirləri, vaxtında diaqnoz təyin edilməsinin əhəmiyyəti və baş verə biləcək fəsadların qarşısının alınması üçün aparılan müalicələr haqqında ətraflı məlumat əldə edirlər”.
N.İsmayılova bu sahədə Azərbaycanda tibbi xidmətlər üzrə görülən işlərdən də danışıb:
“Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə xəstələr davamlı qlükoza monitorinq cihazı ilə təmin olundu. Bu, dövlətin şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara göstərdiyi qayğının artdığını nümayiş etdirir. Hazırda yalnız Bakı şəhərində qeydiyyatda olan uşaqlar bu cihazlarla təmin edilir, lakin gələcəkdə bölgələrdə yaşayan uşaqların da təmin olunması planlaşdırılır.”
Tədbirdə Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova “Şəkərli diabet xəstəsi olan insanların rifahını yaxşılaşdırmaq yolunda dövlət qayğısı, ictimai birliklərin və cəmiyyətin onların həyatındakı rolu”, REM-in həkim-endokrinoloqu, ADL-in sədr müavini Səriyyə Ağayeva “Diabetlə sağlam rifaha doğru”, "Referans Group" daxilində fəaliyyət göstərən Tolerans Psixologiya və Nitq Mərkəzinin psixoloqu Atlas Qurbanlı isə “Ailənin şəkərli diabet xəstələrinin rifahının yaxşılaşdırılmasında rolu” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirin ikinci hissəsi elmi-praktik proqramla davam edib. Elmi hissədə Nərmin İsmayılova "Diabet və ürək-böyrəyin metabolik ağırlaşmaları: sinergetik müalicə yanaşmaları", Yeganə Sultanova "Nəticələri yaxşılaşdırmaq üçün insulin terapiyasında müasir paradiqmaların araşdırılması", Səriyyə Ağayeva isə "Diabetin idarə edilməsinin zaman aralığı ilə dəyişdirilməsi" mövzularında çıxış ediblər.
Çıxışlar üzrə sinergetik müalicə nəticələrini yaxşılaşdırmaq üçün insulin terapiyasında müasir paradiqmaların araşdırılması, diabetin idarə edilməsinin zaman aralığı ilə dəyişdirilməsi mövzuları müzakirə olunub.
Proqram diabetli uşaqların rəqs nümayişləri, interaktiv söhbətlər, oyunlar və auditoriyanın suallarının cavablandırılması ilə davam edib.