TƏBİB və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə əməkdar həkim, ictimai xadim, Azərbaycan SSR Ali Sovetinin deputatı, II Dünya Müharibəsinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın 120 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Şamama Ələsgərovanın nəvəsi, professor Lalə Cəfərova, yaxınları, Qərbi Azərbaycandan olan tibb işçiləri və digər rəsmi şəxslər iştirak edib.
Konfransda əvvəlcə Şamama Ələsgərovanın keçdiyi şərəfli həyat yolu və misilsiz nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan İcmanın Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Ş.Ələsgərovanın zəngin səhiyyə irsinə və ömür yoluna toxunaraq bildirib ki, Şamama xanım səhiyyə sahəsində tədqiqatlarını, əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr edən, respublikamızda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərinin fəallarından biri olub.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Şamama xanımın səhiyyə sahəsində əldə etdiyi uğurların nümunəvi xarakter daşıdığını vurğulayıb. Ə.Əmiraslanov bildirib ki, əmək fəaliyyətinə məhz müharibə illərindən başlayan Ş.Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi vəzifələrində çalışmış, 1945-ci ildən etibarən ömrünün sonunadək (02.06.1977) N.Krupskaya adına 5 saylı doğum evinin (hal-hazırda həmin doğum evi Ş.Ələsgərovanın adını daşıyır) baş həkimi olub. 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı alan Ş.Ələsgərova Azərbaycanda bu yüksək ada layiq görülən ilk səhiyyə işçisi olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şamama xanımın öz işinin incəliklərinə yaxşı bələd olduğunu, bu gün də tibb sahəsində onun təcrübəsindən geniş istifadə edildiyini xüsusi vurğulayıb. Z.Əliyev Şamama xanımın fədakarlığı və əzminin hər zaman yaddaşlarda qalacağını qeyd edib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Ş.Ələsgərova sadəcə bir həkim deyil, həm də səhiyyə sahəsində təşkilati işləri ilə fərqlənən, yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət idi:
“Ş.Ələsgərova II Dünya Müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında tibbi briqadaya rəhbərlik edərək yaralı əsgərlərə yardım göstərib, insanların həyatını qorumaq üçün yorulmadan çalışıb. Qələbə ilə başa çatan Vətən müharibəsində də qadın həkimlərimiz böyük cəsarətlə vəzifələrinin öhdəsindən şərəflə gəlmiş və öz adlarını Şamama xanımın davamçıları kimi Zəfər tariximizə yazdırıblar”.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor, ictimai xadim Dilarə Seyidzadə isə bildirib ki, Qərbi Azərbaycanın İrəvan şəhərindən olan Ş. Ələsgərova cəsur və savadlı səhiyyə işçisi olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik olub, əsl Azərbaycan xanımına xas xüsusiyyətləri özündə birləşdirib.
Şamama Ələsgərovanın nəvəsi, professor Lalə Cəfərova Şamama xanımla bağlı xatirələrini bölüşərək, belə bir parlaq şəxsiyyətin nəvəsi olmaqdan qürur duyduğunu bildirib.