TƏBİB-in tabeli tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “İctimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib.
Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.
Təlimdə bəzi tabeli tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə 25 mütəxəssisi iştirak edib.
Təlimdə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu ictimaiyyətlə əlaqələr işinin təşkilində imicin formalaşdırılmasının əhəmiyyəti, böhran kommunikasiyasının idarə olunması ilə bağlı təqdimatla çıxış edib. E.Hidayətoğlu media ilə düzgün işin qurulması və tibb müəssisələrinin sosial mediadakı fəaliyyəti ilə bağlı da fikirlərini bölüşüb.
TƏBİB-in Daxili kommunikasiya şöbəsinin aparıcı məsləhətçisi Fərid İsrafilzadə “Media subyektləri nümayəndələri ilə iş və onlardan daxil olan sorğuların cavablarının hazırlanması”, İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Səbinə Aslanova isə “Sosial media platformalarında fəaliyyətin təşkili və müəssisələrdə vahid brendinq qaydalarına riayət olunması” mövzusunda təqdimatla çıxış ediblər.
Daha sonra mütəxəssislərə ictimaiyyətlə əlaqələr sahəsi üzrə ümumi biliklərin yoxlanılmasına dair testlər paylanılıb.
Təlim qarşılıqlı müzakirə və sual-cavab sessiyası ilə başa çatıb.