İstər regionlarda, istərsə də paytaxtda tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Son dövrlərdə Bakıda yerləşən bir sıra xəstəxanalarda müxtəlif şöbələr əsaslı təmir olunub, yenidənqurma işləri aparılıb. Mərkəzi Neftçilər Xəstəxanasının yeni təmir edilmiş Fizioterapiya və reabilitasiya şöbəsində də pasiyentlərə xidmət göstərmək üçün hər bir şərait yaradılıb.
Xəstəxananın Fizioterapiya və reabilitasiya şöbəsində son 3 ayda 10 741 müraciət qəbul edilib.
Xəstələr şöbəyə nevroloq, travmatoloq, pulmonoloq, otorinolarinqoloq kimi ixtisas həkimləri tərəfindən yönəldilirlər. Eyni zamanda şöbənin tibb bacıları və instruktorlar stasionar xəstələrə də fizioterapiya xidmətləri göstərirlər.
Fizioterapiya və reabilitasiya şöbəsində elektroforez və qalvanizasiya, ampliplus, ultrasəs, fonoforez, UVÇ, parafin+naftalan terapiyası, müalicəvi masajlar, lazerterapiya, maqnitoterapiya, müalicəvi idman, inhalyasiya, ozonoterapiya və s. müalicəvi üsullardan geniş istifadə edilir.
Qeyd edək ki, 1956-cı ildən fəaliyyət göstərən Fizioterapiya və reabilitasiya şöbəsində 4 həkim, 16 tibb bacısı işləyir. Gələcəkdə şöbədə müalicə üçün nəzərdə tutulan metodların artırılması da nəzərdə tutulur.