Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin - Yeni Klinikanın, Kliniki Tibbi Mərkəzin, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Sumqayıt Perinatal Mərkəzinin təlim mərkəzlərinə və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzinə səfərlər təşkil olunub.
Səfərlər zamanı təlim mərkəzlərinin hazırkı vəziyyəti haqqında məlumat toplanıb, təlim iştirakçıları ilə söhbətlər aparılıb.
Eyni zamanda bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə görüşlər təşkil olunub və gələcək əməkdaşlıq, görüləcək tədbirlər planı müzakirə edilib.
Hazırda “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Sumqayıt Simulyasiya Mərkəzində təcili tibbi yardım şöbələrinin həkimləri üçün “Təkmil həyat dəstəyi” mövzusunda təlimlər keçirilir.
Qısa müddət ərzində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və TƏBİB-ə tabeli olan tibb müəssisələrinin təcili yardım şöbələrinin 200-ə yaxın həkiminə təlimlər keçirilib və beynəlxalq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan bütün təcili tibbi yardım həkimlərinin sözügedən kurslardan keçməsi planlaşdırılır.