TƏBİB bölgə xəstəxanalarında müasir səhiyyə infrastrukturunun yaradılması, tibbi xidmətlərə əlçatanlığın təmin olunması, region əhalisinin xidmətlərdən daha rahat və səmərəli şəkildə faydalanması istiqamətində ardıcıl islahatlar həyata keçirir.
Bu istiqamətdə görülən işlərdən biri də region xəstəxanalarında elektron növbə sisteminin qurulmasıdır. Bu sistemin işlək vəziyyətə gətirildiyi növbəti ünvan Qazax Rayon Mərkəzi Xəstəxanasıdır. Artıq əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında tənzimlənir.
Tibb müəssisəsində qeydiyyat masalarının qarşısında yaranan sıxlığın aradan qaldırılması və pasiyentlərin növbə sistemini tənzimləmək məqsədilə elektron növbə monitorları istifadəyə verilib. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.