TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrinə 2024-cü ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17.979.237 müraciət qeydə alınıb. Bunlardan 446.065-i stasionar, 17.533.172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.
2024-cü ilin ilk 9 ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 61.794.180 (8.277.201 stasionar, 53.516.979-u ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 59%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. 2024-cü ilin ilk 9 ayı ərzində 24.653.322 laborator müayinələr aparılıb ki, onların da 3.830.336-sı stasionar, 20.822.986-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 123%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində 274.532 cərrahi əməliyyat və prosedur (251.578 stasionar, 22.954 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 16%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9% artıb.