Tibb müəssisələrində göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi üçün TƏBİB tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir.
Elektron növbə sisteminin bölgə xəstəxanalarında tətbiqi prosesi davam etdirilir. Daha bir region xəstəxanasında elektron növbə sistemi qurulub. Bundan sonra Göygöl Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən xidmətlər də elektron növbə sistemi əsasında həyata keçiriləcək.
Tibb müəssisəsində qeydiyyat masalarının qarşısında yaranan sıxlığın aradan qaldırılması və pasiyentlərin növbə sistemini tənzimləmək məqsədilə elektron növbə monitorları istifadəyə verilib.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.