Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "III Müasir Pediatriyanın İşığında" konfransı keçirilib.
Konfransda Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov və tibb müəssisəsinin həkim-pediatrı Günay Cavadova iştirak ediblər.
Tədbirdə çıxış edən Erkin Rəhimov ölkədə pediatriya xidmətinin inkişafı, uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran prioritetlər barədə fikirlərini bölüşüb. O, belə elmi-praktik tədbirlərin mütəxəssislər arasında təcrübə mübadiləsinin genişlənməsinə və pediatriya sahəsində yeniliklərin tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb.
Konfransdan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında təşkil olunan müayinə aksiyası çərçivəsində Erkin Rəhimov və Günay Cavadova tərəfindən uşaqlar pediatrik müayinədən keçirilib. Eyni zamanda valideynlərə uşaqların sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və düzgün qidalanma ilə bağlı tövsiyələr verilib.