Noyabrın 12-si Ümumdünya Pnevmoniya ilə Mübarizə Günüdür.
Mövzu ilə əlaqədar sualları TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Terapiya şöbəsinin həkim-pulmonoloqu Validə Vəliyeva cavablandırıb.
- Pnevmoniya nədir və necə yaranır?
- Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir və əsasən, bakteriya, göbələk, virusların iştirakı ilə yaranır. Lakin pnevmoniya hava ilə ağciyərlərə düşən kimyəvi maddələr tərəfindən də yarana bilər.
Pnevmoniya hər hansı uzun müddət davam edən xəstəliklərin (əsasən, immun çatışmazlıq, ürək çatışmazlığı və onkoloji xəstəliklər) fəsadı kimi də üzə çıxır. Xəstəlik ağciyər toxumasının bir və ya bir neçə hissəsini tutur. Pnevmoniya zamanı alveol, tənəffüs yollarında maye və digər selikli ifrazatlar toplanaraq həmin nahiyədə qan dövranı durğunluğuna, ağciyər toxumasının sərtləşməsinə, bununla da qazlar mübadiləsinin pisləşməsinə səbəb olur.
- Pnevmoniyanın simptomları hansılardır?
- Pnevmoniya gedişatına görə kəskin və xroniki olur. Onun krupor, ocaqlı, intersistial və s. formaları var.
Xəstəliyin simptomlarına döş qəfəsində, xüsusilə dərin nəfəs alma zamanı təngnəfəslik, yüngül fiziki gərginlik olduqda tərləmə, öskürək, kəskin zəiflik, ümumi halsızlıq, başağrıları, yüksək hərarət (bədən temperaturunun yüksəlməməsi ilə də təsadüf edilir), arterial təzyiqin enməsi aiddir. Ağır hallarda isə tənəffüs çatışmazlığı, qanhayxırma, döş qəfəsindəki xırıltılar kimi simptomları yarana bilir.
- Risk qrupuna kimlər daxildir?
- Xəstəliyin risk qrupuna yaşlı insanlar, yanaşı xroniki xəstəlikləri olan (şəkərli diabet, ağciyərlərin xroniki xəstəlikləri, parkinsonizm, ürək-damar sistemindəki xəstəliklər, alkoqol aludəçiləri) yeni əməliyyat olan xəstələr, immun sistemi zəiflədən preparatlar qəbul edən xəstələr, anadangəlmə bronx-ağciyər xəstəlikləri olanlar daxildir.
- Pnevmoniyanın fəsadları hansılardır?
- Xəstəlik kəskin tənəffüs çatışmazlığı, plevrit (irinli), abses və ya qanqren, septiki şok, meningit, böyrəklərin iltihabı, ürək ritminin pozulması, ağciyər toxumasının çapıq dəyişikliyi kimi fəsadlara səbəb ola bilər.
- Xəstəliyin profilaktikasına nələr daxildir?
- Bunun üçün müalicəni vaxtında başlamaq, kəskin respirator virus infeksiyaları zamanı yataq rejiminə ciddi riayət etmək, sağlam həyat tərzi, bədən immunitetini gücləndirmək, zərərli vərdişlərdən (siqaret, içki) imtina etmək və vaksinasiya xüsusi önəm daşıyır.