Yeni Klinikada “I Uşaqlıq Boynu Xərçəngi – Fərqindəlik Simpoziumu” təşkil edilib.
Tədbir TƏBİB-in təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qadın Sağlamlığına Dəstək İctimai Birliyi, Avropa–Asiya Mamalıq və Ginekologiya Assosiasiyasının dəstəyi ilə baş tutub.
Simpoziumda ölkənin müxtəlif səhiyyə müəssisələrini təmsil edən 100-dən artıq həkim və tibb mütəxəssisi iştirak edib.
Tədbirin əsas məqsədi uşaqlıq boynu xərçənginin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair yeniliklərin paylaşılması, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması və elmi əməkdaşlığın təşviqi olub.
Tədbirin açılış mərasimində Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov, Qadın Sağlamlığına Dəstək İctimai Birliyinin sədri və konfransın həmsədri Xəyalə Təhməzi, konfransın həmsədri Şəlalə Məmmədova, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Hicran Kazımova, Milli Onkologiya Mərkəzinin əməkdaşı Könül Mərdanova və Simpoziumun Təşkilat Komitəsinin sədri Günel Ziyadova çıxış edərək qadın sağlamlığının qorunmasında erkən diaqnostikanın, profilaktikanın və maarifləndirmənin vacibliyini vurğulayıblar.
Simpozium uşaqlıq boynu xərçəngi ilə mübarizə sahəsində mühüm elmi platforma kimi qiymətləndirilib və bu istiqamətdə gələcək təşəbbüslərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.