Azərbaycanda tibbi turizmin inkişafı, bu sahədə mövcud potensialın səmərəli istifadəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə TƏBİB-in təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bir sıra tibbi turizm agentliklərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə TƏBİB-in və Yeni Klinikanın nümayəndə heyəti ilə yanaşı, “A-Medical Health”, “Aydın Partners” MMC, “HIMA”, “Big Group Health Tourism” MMC, “1001 Kurort” MMC, “MedFind Global” MMC, “Avicenna Medical Group” və “Sayahat Health and Tourism Company”, “HEVO Medical Tourism” kimi qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı ölkəmizdə tibbi turizmin inkişaf perspektivləri, yerli tibb müəssisələrinin xidmət potensialı, tibbi turistlərin cəlb olunacağı prioritet ölkələr, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq modelləri müzakirə olunub.
Şirkət nümayəndələri çıxışlarında fəaliyyət istiqamətləri, əldə etdikləri nəticələr, beynəlxalq bazarlarda təcrübələri, eləcə də sahə üzrə mövcud çətinliklər və inkişaf təklifləri barədə məlumat veriblər.
Müzakirələr zamanı ölkənin tibbi xidmət potensialının beynəlxalq miqyasda daha səmərəli tanıdılması, hədəf bazarlarda Azərbaycanın etibarlı tibbi destinasiya kimi mövqeyinin möhkəmləndirilməsi və bu istiqamətdə vahid kommunikasiya strategiyasının hazırlanması zərurəti vurğulanıb.
Görüşün sonunda dövlət səviyyəsində tibbi turizmin inkişaf strategiyasının formalaşdırılması, eləcə də davamlı tərəfdaşlıq mexanizmlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb və yaxın dövr üçün konkret addımlar müəyyən edilib.