Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Florence Healthcare İnternational” Qrupun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və TƏBİB-in dəstəyilə "Regionda ilk: meyitdən orqan nəqli - Uğurlu təcrübədən gələcəyə doğru" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları və rəsmi qonaqlar Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini dərin hörmətlə yad ediblər.
Konfransın rəsmi açılış hissəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Milli Məclisin Səhiyyə Səhiyyə Komitəsinin sədri, Akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova və digər rəsmi qonaqlar çıxış edərək ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu, bu təşəbbüsün elmi və humanitar baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov konfransda çıxış edərək bildirib ki, ölkə üzrə orqan donorluğu və transplantasiyası sisteminin təkmilləşdirilməsi, hüquqi və inzibati mexanizmlərin gücləndirilməsi, ixtisaslı kadr hazırlığının genişləndirilməsi və ictimai maarifləndirmənin artırılması istiqamətində ardıcıl addımlar atılır:
“TƏBİB bu istiqamətdə həm dövlət, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək, elmi yeniliklərin səhiyyə sistemimizə tətbiqinə hər zaman dəstək göstərəcəkdir”.
Konfrans üç panel üzrə davam edib. Panel müzakirələri zamanı orqan donorluğu üzrə maarifləndirmə işlərinin gücləndirilməsi, meyitdən transplantasiyanın hüquqi bazasının təkmilləşdirilməsi və tibbi infrastrukturun genişləndirilməsi istiqamətində təkliflər irəli sürülüb.
Qeyd edək ki, müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkimin iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.