TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasının nümayəndə heyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasında olub.
Səfərin əsas məqsədi fəaliyyətin təşkilində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı gücləndirmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə addımlar atmaq olub.
Ziyarət çərçivəsində nümayəndə heyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti, şöbələrin iş prinsipləri, xidmətlərin göstərilməsi prosesləri ilə yaxından tanış olub. Onlara müəssisədə tətbiq olunan idarəetmə mexanizmləri, pasiyent məmnuniyyətinin artırılması istiqamətində görülən işlər, həmçinin rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı məlumatlar təqdim edilib.
Görüş zamanı Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən hazırlanmış fəaliyyət planı nümayəndə heyətinə təqdim olunub. Həmçinin növbəti aylar üçün həkim və tibb işçilərinin mübadilə proqramı əsasında qarşılıqlı səfərlərinin təşkili barədə müzakirələr aparılıb. Bu mübadilə proqramı çərçivəsində həkimlərin müxtəlif ixtisaslar üzrə bir-birinin təcrübəsindən yararlanması, həmçinin yeni yanaşmaların tətbiqi nəzərdə tutulur.
Sonda tərəflər layihənin gələcək mərhələlərində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin həm xəstəxanaların, həm də region əhalisinin sağlamlığına töhfə verəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb.
"Mentor Klinika" layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.