Almaniyanın Geilenkirchen şəhərində 35 ölkənin iştirakı ilə keçirilən ciu-citsu idman növü üzrə Avropa çempionatında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım əməkdaşı Emil Qurbanov ikinci yer tutub. O, 69 kq-a qədər Nevaza kateqoriyasında gümüş medal qazanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov Dünya və Avropa çempionu olan Emil Qurbanovla görüşüb. Səmimi görüş çərçivəsində Emil Qurbanovun ciu-citsu idman növü üzrə bu günə qədər əldə etdiyi nailiyyətlərindən söhbət açılıb. Mərkəzin direktoru E.Qurbanovu əldə etdiyi uğur münasibətilə təbrik edib.
Qeyd edək ki, E.Qurbanov ciu-citsu idman növü üzrə İtaliya, Portuqaliya, Fransa və İspaniyada keçirilən yarışlarda 4 dəfə Dünya çempionu, Macarıstan, Rumıniya və İsraildə keçirilən yarışlarda isə 3 dəfə Avropa çempionu olub. O, 1996-cı ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçisidir. 2016-cı ildə isə ciu-citsu idman növü üzrə "Azərbaycan Respublikasının İdman Ustası" dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ildə ciu-citsu idman növü üzrə Prezident mükafatına layiq görülüb.
Əməkdaşımızı qalibiyyəti münasibətilə təbrik edir, ona böyük nailiyyətlər arzulayırıq!