banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov Zirə Sağlamlıq Mərkəzində yaradılmış vəziyyətlə tanış olublar

loader

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və digər rəsmilər Xəzər rayonunda yerləşən Zirə Sağlamlıq Mərkəzində yaradılmış vəziyyətlə tanış olublar.

Tibb müəssisəsində həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verən Zirə Sağlamlıq Mərkəzinin baş həkimi Sərdar Əliyev bildirib ki, müasir tələblərə cavab verən laboratoriya yaradılıb və diaqnostika üçün tələb olunan bütün növ laborator analizlər müəssisə daxilində aparılır. Bundan əlavə, mərkəzin istilik və su təminatı sistemi yenidən qurulub, bina optik internetlə təmin olunub və elektron qeydiyyat sistemi ilə bağlı bütün işlər yekunlaşıb.

S.Əliyev qeyd edib ki, son bir ildə müəssisə ən müasir tibb avadanlıqlarla - yeni USM, EKQ avadanlıqları, yeni sterilizasiya cihazı, avtoklav və distilyatorla da təmin olunub. Tibb müəssisəsində rentgen müayinələrinin həyata keçirilməsi üçün xüsusi icazə alınıb, yeni portativ rentgen cihazı verilib.

Baş həkim vurğulayıb ki, imtiyazlı xəstələrin dərman təminatı məqsədilə 2023-cü ilin oktyabrından Zirə Sağlamlıq Mərkəzində də yeni aptek fəaliyyətə başlayıb. O qeyd edib ki, indiyədək burada imtiyazlı aptek mövcud olmadığından qeydiyyatda olan imtiyazlı xəstələr dərman üçün Pirallahı Tibb Mərkəzinə getmək məcburiyyətində qalırdılar.

Qonaqlara bildirilib ki, bütün görülən işlər xidmətin keyfiyyətinə müsbət təsir göstərib. Belə ki, keçən illə müqayisədə pasiyentlərin müraciət sayı 2 dəfə, göstərilən tibbi xidmətlərin sayı isə 3 dəfə artıb.

TƏBİB-in İcraçı direktoru və millət vəkili tibbi personalın ehtiyacları ilə maraqlanıblar. Görüş zamanı, həmçinin bir neçə yerli sakinin qəbulu həyata keçirilib, vətəndaş müraciətləri dinlənilib.

TƏBİB-in İcraçı direktoru V.Qurbanov bundan sonra da müəssisənin yeni tibbi avadanlıqlarla təmin olunması, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb. Mərkəzin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2008-ci ildə istifadəyə verildiyini xatırladan V.Qurbanov belə bir müasir tibb mərkəzinin olmasını ölkəmizdə səhiyyə sahəsinə və tibb işçilərinə göstərilən xüsusi diqqətin bariz nümunəsi olduğunu bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov isə bildirib ki, bu gün ölkəmizdə  sosial sahədə uğurlu siyasət həyata keçirilir. Bu siyasət özünü səhiyyə sahəsində də büruzə verir. Məhz bu mərkəz də sözügedən istiqamətdə görülən işlərə bariz nümunədir.

loader
loader
loader
loader
loader
loader
loader
loader